Çörək ətri
I Rəvayətlər tarixin qədim qatlarına işıq tutan qiymətli nümunələrdir. Rəvayətlərdə danışılan hadisənin doğru və ya yanlış olduğunu heç kim söyləyə bilməz. Amma bir həqiqətdir ki, hər rəvayət yaşı bilinməz bir xəzinədir.
Rus çarı I Pyotrun Dərbəndə səfərindən bəhs edən rəvayət də xalqımızın adət-ənənələrə bağlılığını əks etdirməsi baxımından qiymətlidir. ■ Dərbənd şəhəri tarixi mənbələrdə “Dəmirqapı Dərbənd” adı ilə tanınır. Deyilənə görə, ruslar Dərbəndi tutduqdan sonra orduda aclıq başlamışdı. II Daha doğrusu, ərzaq var idi, amma çörək tapılmırdı. Döyüşçülər böyük şəhəri ələk-vələk etsələr də, əliboş dönmüşdülər. ▲ Şəhər əhalisi qapıları bağlamış, çağırılmamış qonaqlara çörək satmamışdı.
▼ Çörək tapılmaması haqqında məlumat çara da çatır. ● Vəziyyəti öyrənmək istəyən Pyotr dörd nəfər yoldaşı ilə birlikdə məskunlaşdığı yerin yaxınlığındakı məhəllələrdən birinə tərəf yol alır. ♦ Həyətlərdən birindən ətrafa yayılan çörək ətri onları cəlb edir. III Onlar həyətə yaxınlaşanda təndirdə çörək bişirən qadın görürlər. Bu qadın şəhərin azərbaycanlı sakinlərindən biri idi. İsti çörəyin ətrindən bihuş olan çar .............. qadından ona bir neçə çörək satmasını istəyir. Qadın isə gülümsəyərək deyir:
– Bizim adətlərimizə görə, qonağa çörəyi pulla satmazlar. Buyurun, həyətdə əyləşin, mən indi sizin üçün süfrə açaram.
Pyotr bu cavabı eşidəcəyini gözləmirdi. IV O üzünü həmin qadına tutub bu yerlərdə kimlərin qonaq sayıldığını soruşur. Müdrik qadın deyir:
– Qapımızı saf niyyətlə açan hər kəs bizim qonağımızdır, gözümüz üstündə yeri var.
V Dərin mənalı bu sözlər çarı sarsıdır. O həmin qadını mükafatlandırır, Dərbənd əhalisinə hörmətlə yanaşır. Bir qadının ağıllı davranışı böyük bir şəhəri güclü ordudan gələ biləcək təhlükədən qorumuşdu.
Hansı aforizmləri mətnin məzmunu ilə əlaqələndirmək mümkündür?
1. Qüdrətli olmaq zəifi öz səviyyənə qaldıra bilməkdir. (R.Taqor)
2. Ağıllılar döyüşmədən qazanırlar, cahillər qazanmaq üçün döyüşürlər. (Z.Liang)
3. Bir olsa yoldaşın, dostun əməli,
Daşdan su çıxarar onların əli. (N.Gəncəvi)
4. Ağıl olan yerdə gücə ehtiyac yoxdur. (H.Əliyev)
5. Dost olmağa tələsməyin, amma dost olduzsa, bu dostluğa xəyanət etməyin. (Sokrat)