Çövkən
Çövkən atla oynanılan qədim türk idman növlərindən biridir. Fiziki qüvvə tələb edən çövkən oyununda yüksək bacarığa, manevr etmə qabiliyyətinə, cəldliyə malik olmaq oyunda iştirak edənlər üçün ən əsas keyfiyyətlərdən sayılır. Oyunun yaxşı alınması üçün həm minici, həm də at vəhdət təşkil etməli, bir-birlərini anlamalıdırlar. Yarışçı rəqibinin qarşısını kəsməli, onu göz açmağa qoymamalıdır. Bunun nəticəsində də oyunçu rəqibini qorxudaraq gözünün odunu almağı bacarmalıdır.
Arxeoloji qazıntılar zamanı şirli qabların üzərində oyunun təsvir edildiyi rəsmlər bu oyunun Beyləqan şəhərində də yayıldığını sübut edir.
Oyunun qaydalarına görə iştirakçılar iki dəstəyə ayrılırlar. Onlardan iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Seçilmək üçün bir dəstənin üzvləri mütləq o biri dəstəninkindən fərqli geyimdə oyuna qatılırlar. Bu oyunların özəlliyi ondan ibarətdir ki, yaş həddi tələb olunmur. Fiziki cəhətdən sağlam olan şəxs hər vaxt çövkənlə məşğul ola bilər.
Çövkənin qaydalarına görə oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyunçunun xüsusi geyim formasına papaq, çuxa, at minmək üçün gen şalvar daxildir. Oyunçular eyni formada, eyni uzunluqda olan çomaqdan istifadə edirlər. Bu oyunda istifadə edilən top girdə, diametri isə 38 - 41 sm arasında olur. Qapı çərçivəsindən cərimə meydançasına daxil olub topu qapıya vurmaq hesaba alınmır.
Çövkən oyunlarının hakimi isə, adətən, meydanı at üstündə müşayiət edir. Ona yan xətlərdə duran iki hakim də köməklik göstərir. Oyunçu geyim qaydalarına əməl etməyəndə, kobudluq edəndə meydandan birdəfəlik və ya 2 dəqiqəlik qovula bilər.
Nizami, Xaqani Şirvani, Xətai və başqa şairlərin əsərlərində, eyni zamanda qədim miniatür sənətimizdə çövkənlə bağlı maraqlı məlumatlar verilir.
Görkəmli özbək şairi Ə.Nəvai bu oyunu “çavqan” (fars dilində əlağacı), azərbaycanlılar “çövkən”, əfqanlar “çovqan”, taciklər “çavqonbozi” adlandırırlar.
Maraqlıdır ki, “Kitabi-Dədə Qorqud” dastanında qədim tarixə malik atüstü milli oyunlarımızdan biri olan və bu gün ölkəmizdə yenidən bərpa edilən çövkənin də adı çəkilir. Qeyd edək ki, həddindən artıq mürəkkəb, eyni zamanda maraqlı olan bu oyun insanın atı ram etməsindən sonra meydana gəlib.
XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Avropa ölkələrində yayılmağa başlamışdır.
İlk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpia Oyunlarının proqramına Çövkən oyunu “Polo” adı altında daxil edilmişdir. Bu ad italyan səyyahı Marko Polonun adı ilə bağlıdır. O, Azərbaycana səfərində insanların at üstündə oynadıqları bu oyunu görüb və öz soyadı ilə adlandırıb.
Hansı sualın cavabını mətn əsasında tapmaq mümkün deyil?